Qubada türk soyqırımına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

Bu gün Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı II beynəlxalq elmi konfrans başlayıb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.

 

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Plenar iclasda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri, professor Mehmet Əli Beyhan, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digər alimlər çıxış ediblər.

 

Üç gün davam edəcək beynəlxalq konfransda ümumilikdə 100-dən artıq tanınmış alim və mütəxəssis iştirak edir. Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Kipr, Gürcüstan, Polşa, Rusiya və Türkiyədən 58 alim məruzələrlə çıxış edəcək. Konfrans çərçivəsində “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı iki bölmədə müzakirə aparılacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv