Vaşinqton Senatı Azərbaycanı dəstəkləyən qətnamə qəbul etdi

ABŞ-ın Vaşinqton ştatının Senatı aprelin 9-da keçirilən plenar iclasda Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib.


Bu barədə APA TV-yə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

 

Qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Qətnamənin qəbulundan öncə həm Respublikaçılar, həm də Demokratlar partiyalarını təmsil edən müxtəlif senatorlar çıxış edərək, Azərbaycanı sürətlə inkişaf edən, tolerantlıq ənənələrini yüksək tutan, demokratik islahatlar aparan nümunəvi ölkə və ABŞ-ın mühüm tərəfdaşı kimi səciyyələndiriblər.

 

Ştat senatorları tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Sənəddə qeyd olunur ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək Cənub Enerji Dəhlizinin ən önəmli bəndi olaraq qalmaqdadır.

 

Sonda Azərbaycan-ABŞ strateji tərəfdaşlığının Vaşinqton Senatı tərəfindən dəstəkləndiyi bildirilir və deyilir ki, ABŞ Azərbaycan kimi müttəfiqlərlə münasibətləri daha da gücləndirməlidir.  

 

Bu, Vaşinqton Qanunvericilik Orqanı tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir.

Müəllif | Apa.Tv
Apa.tv