Gəncədə yüksək sürətlə idarə olunan avtomobil əkiz qardaşları vurub

Gəncədə əkiz qardaşların vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə,  hadisə aprelin 9-da axşam saatlarında şəhərin Neman Vəliyev küçəsində qeydə alınıb. Gədəbəy rayon sakini, Rövşən Mahmudov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yolun kənarı ilə gedən şəhər sakinləri 1997-ci il təvəllüdlü Cavid və Seymur Əlizadə qardaşlarını vurub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Seymurun xəsarətləri yüngül olduğundan ona ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Müxtəlif bədən xəsarətləri alan Cavidin vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Gəncədə baş verən digər bir qəzada isə sürücü yaralanıb. Qəza şəhərin Əhməd Cəmil küçəsində qeydə alınıb. Şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin Hakan oğlu Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında ağaca çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli