Yeni nəsil şəxsiyyət vəsiqələri ilə xaricə səfər etmək mümkün ola bilər

Yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması zamanı beynəlxalq İCAO təşkilatının tövsiyələrinin icrası nəzərdə tutulduğundan dövlətlər arasında uyğun razılaşma olarsa, bu vəsiqələrlə xarici ölkələrə səfər etmək mümkün ola bilər.  APA TV-nin xəbərinə görə, bunu Milli Sertifikatlaşdırma Mərkəzinin direktoru  Arif Mayılov  bildirib.

 

"Yeni nəsil şəxsiyyət vəsiqələrinin yaddaşına 15 yaşına kimi olan vətəndaşların sağlamlıq kartının məlumatları yerləşdiriləcək. Lakin 15 yaşından yuxarı olan vətəndaşlara bununla bağlı sağlamlıq kartı verilməyəcək".

 

Azərbaycanda ilk dəfə olaraq “Tier III” səviyyəli regional Data Mərkəzin istifadəyə veriləcəyini deyən Nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi Məzahim Quliyev bildirib ki, hazırda ABŞ-ın “Uptime” İnstitutunun nümayəndələri sertifikatlaşdırma mərhələsini yerinə yetirdikdən sonra Data Mərkəz istismara veriləcək. İyun ayında istismara verilməsi gözlənilən mərkəzin yaradılması BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində həyata keçirilir.

 

Qurum rəsmisi artıq dünyada məşhur olan “Google”, “Facebook” şirkətlərinin Azərbaycanda istismara veriləcək Data Mərkəzlə əməkdaşlıq edəcəyini bildirib

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov isə aprelin 1-nə qədər "Elektron hökumət" portalının xidmətlərindən 1,4 milyon nəfərdən çox vətəndaşın istifadə etdiyini bildirib. Onun sözlərinə görə, həmin vətəndaşlar bu xidmətdən 8 milyon dəfədən çox istifadə edib. Bu dövrdə elektron xidmətlərin sayı isə  413-ə çatıb.

 

Müəllif | Apa.Tv