Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı azalıb
Cari ilin mart ayında ölkədə 111 min 391 ailə ünvanlı sosial yardım alıb. APA TV-nin məlumatına görə, bunu dövlət sosial təminat xidmətinin rəisi Çingiz Əliyev deyib.
O bildirib ki, bu yardımı alan ailələrin 76 faizi təkrar alan ailələrdir: "Statistik göstəricilərə nəzər yetirsək, 2014-cü ilin mart ayında ünvanlı sosial yardım alan ailələrin sayı cari ilin müvafiq ayı ilə müqayisədə 32437 ailə azalıb. Amma ünvanlı sosial yardım alan ailələrin sayının azalması digər yardım alan ailələrə düşən orta aylıq məbləğin artmasına səbəb olub. Bu il bu yardımı alan ailənin orta aylıq ünvanlı sosial yardımın məbləği 17 manat və yaxud 13,5 faiz artıb".
Xidmət rəisi qeyd edib ki, ünvanlı sosial yardım üzrə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində vahid elektron müraciət və təyinat alt sistemi yaradılacaq. Ünvanlı sosial yardımın elektron əsasında avtomatlaşdırılmış şəkildə təyinatını təmin etmək aidiyyəti dövlət qurumlarının informasiya ehtiyatlarına ƏƏSMN-in çıxışları təmin olunacaq. Prezidentin sərəncamına uyğun olaraq işlərin 5 aya yekunlaşdırılması üçün vəzifələr müəyyənləşdirilib: "Hazırda ünvanlı sosial yardımın təyin olunması üçün rayon və şəhərlərdə insanlar o rayondakı kənd və qəsəbələrdən rayon mərkəzinə gələrək əhalinin sosial müdafiəsi mərkəzlərinə müvafiq sənədləri toplamaqla müraciət edirlər. Artıq sosial xidmətlər dövlətin yerli qurumları tərəfindən imtiyazlı ailələrə ehtiyacı olan aztəminatlı ailələrin yaşadığı ünvana gedir. Artıq vətəndaşlarımız elektron müraciət etməklə artıq rayon mərkəzinə kənd və qəsəbələrdən gəlməyəcək. Onlara yaşadıqları yerlərdə fəaliyyət göstərən poçt şöbələri vasitəsi ilə və yaxud vətəndaşların özünün fərdi kommunikasiya vasitələri yolu ilə müraciət etmələri təmin olunacaq".
Çingiz Əliyev əlavə edib ki, rayon, şəhər, kənd və qəsəbələrdə fəaliyyət göstərən poçt şöbələrində xüsusi köşklər hələ quraşdırılmayıb. O bildirib ki, bu istiqamətdə işlər davam etdirilir.