Ukraynada tanınmış boksçunun qətlində azərbaycanlı şübhəli bilinir
25 yaşlı Sahib Məhəmmədov ukraynalı boksçu Sergey Laşenkonun qətlində şübhəli bilinir.
APA-nın məlumatına görə, Odessa polisinin mətbuat xidmətindən bildirilib ki, Odessa şəhərində yaşayan həmyerlimiz əvvəllər də cinayət məsuliyyətinə cəlb olunub. Tərəflər arasında münaqişə qadın üstündə olub.
Xatırladaq ki, 27 yaşlı Sergey Laşenko aprelin 8-də Odessanın mərkəzindəki Yəhudi xəstəxanasında güllələnib. Aprelin 8-də gecə saatlarında dostları ilə şəhərin mərkəzində küçədə gəzərkən qafqazlılardan ibarət qrupla aralarında dava olub. Münaqişə zamanı Sergey Laşenko sinəsindən güllə yarası alıb. O, iki tanışı ilə birgə xəstəxanaya çatdırılıb. Hücum edən şəxslər onları yolda izləyiblər. Binanın dəhlizində yenidən dava düşüb və qafqazlılardan biri “Fort” markalı travmatik silahdan 8 dəfə Sergey Laşenkoya atəş açıb. O, hadisə yerində ölüb. Hücum edən şəxslər isə qaçıblar.
Hadisə günü şəhərin mərkəzində azərbaycanlılara məxsus “Sultan” və “Abşeron” adlı kafelərdə yanğın olub. Bu hadisələrin Laşenkonun ölümü ilə bağlı intiqam məqsədilə törədildiyi bildirilir. Lakin hüquq-mühafizə orqanları bu iki hadisə arasında əlaqənin olmadığını deyirlər.