Prezident dərman preparatlarının bahalığından narazılığını ifadə edib
“Bu ilin əvvəlindən xaricə etdiyim çoxsaylı səfərlər ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirib”. APA TV-nin “AzərTAC”a istinadən yaydığı məlumata görə, bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. Prezident İlham Əliyev vurğulayıb ki, ötən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib: "Biz Ermənistana qarşı daha fəal mübarizə aparmalıyıq, aparırıq. Bütün beynəlxalq layihələrdən onları təcrid etmişik. Ancaq onların rəsmi statistik məlumatlarına görə əhalinin 30%-i yoxsulluq, səfalət içərisində yaşayır. Amma real rəqəmlər 50-60%dir. Onların rəsmi məlumatlarına görə, ölkədən 60-70 min insan köçür. Amma bizdə olan məlumat göstərir ki, 100 min nəfərə yaxındır bu rəqəm. Yəni bir neçə ildən sonra artıq Ermənistan dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq. Dəfələrlə mən bunu demişəm - bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. XX əsrin əvvəllərində Çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orda bir dənə erməni toponimi tapmaq mümkün deyil. İndi Ermənistanın səksən faizi Azərbaycan mənşəli adları daşıyır. Bu bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq".
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.
Dövlət başçısı çıxışında birinci rübdə baş verən iki önəmli hadisəyə - Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda TANAP layihəsinin təməlinin qoyulmasına da toxunub.
Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Yekun nitqində prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdıran dövlət başçısı kənd təsərrüfatı sektorunun da inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını bildirib, bununla belə, ərzaq təhlükəsizliyinin tam təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə bağlı tapşırıqlarını verib.
İlham Əliyev çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxunub, bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu deyib.
Prezident İlham Əliyev ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə edib, bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.
Bu il daha 3 “ASAN Xidmət” mərkəzinin açılacağını deyən dövlət başçısı əhalinin elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılmasına dair tapşırıqlarını verib. Nitqinin sonunda prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirib. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq.