Prezident: “Neftin qiymətinin düşməsi Azərbaycanın dinamik inkişafına təsir etməyib”

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.


APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını deyib.

 

Dövlət başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirib. Bütün bunların son illər ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən prezident İlham Əliyev bildirib ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib. Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırıb.


"Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr bu qədər ürək açan olmazdı. Əksinə, bizi staqnasiya gözləyə bilərdi. Necə ki, biz indi dünyada, bölgədə, bəzi yerlərdə bunu müşahidə edirik. Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil, əksinə, biz indi özümüz donor kimi başqa ölkələrə, eyni zamanda beynəlxalq maliyyə qurumlarına öz maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir".

 

Birinci rübdə də regionlarda müsbət meyllərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən prezident İlham Əliyev bildirib ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi prosesinin davam etdirildiyini deyən dövlət başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğulayıb, ölkəmizdə həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və fəal olduğunu diqqətə çatdırıb. Məhz bunun sayəsində son illər bölgədə yaşanan böhranlardan ölkəmizin itkisiz çıxdığını deyən dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır.

Müəllif | Apa.Tv
Apa.tv