Astarada polisə xəsarət yetirən şəxsdən silah və narkotik götürülüb
Astarada polis əməkdaşına tabeçilik göstərməyərək ona xəsarət yetirən şəxs rayonun hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə yaxalanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “KİA” markalı avtomobilin sürücüsü, rayonun Kələdəhnə kənd sakini, 27 yaşlı Seymur Ağarəhim oğlu Əliyevə yaxınlaşaraq ondan sənədlərini tələb edib.
Tabeçilik göstərməyən Seymur Əliyev avtomobili hərəkətə gətirərək polis əməkdaşına ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra maşından düşərək hadisə yerini tərk edib.
Seymur Əliyevin avtomobilinə və yaşadığı Astara şəhəri, Səməd Vurğun küçəsi, 235 ”a” ünvanında yerləşən evinə baxış keçirilib. Asrara RPŞ-nin rəis müavini Sulduz Məmmədov saxlanılan şəxsdən silah və külli miqdarda narkotik vasitə aşkarlanaraq götürüldüyünü bildirib.
"Saxlanılan şəxsdən ümumi çəkisi 6370,688 qram narkotik vasitə olan heroin, 1066,29 qram tiryək, 334,26 qram həşiş qətranı, 246,078 qram amfetaminlər qrupuna daxil olan metamfetamin psixotrop maddəsi, 1 ədəd “Makarov” tipli silah və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb".
Saxlanılan Seymur Əliyev narkotik vasitəni tanışı olan İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalar davam etdirilir.