Qubada türk soyqırımı ilə bağlı beynəlxalq elmi konfrans sona çatdı
Quba. Vəli Turan - APA. Bu gün Quba şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda II Beynəlxalq elmi konfrans işini davam etdirib.
APA TV-nin şimal bürosunun məlumatına görə, konfransın ikinci günündə də Azərbaycan, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan və digər ölkələrin arxivlərindən əldə edilmiş çoxsaylı sənədlər əsasında yazılan məruzələr səsləndirilib.
Vurğulanıb ki, 1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri - Bakı, Şamaxı, Quba, Şəki, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan həmçinin Cənubi Azərbaycanın bir çox əraziləri (Urmiya, Səlmas, Xoy, Qaradağ, Təbriz) və Şərqi Anadoluda yaşayan türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlı birləşmələri tərəfindən dəhşətli soyqırımları törədilib. On minlərlə türk-müsəlman əhali və digər millətlərin nümayəndələri, o cümlədən günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə məhv ediliblər.
Məruzələr dinlənildikdən sonra konfrans iştirakçılarının dünya elm ictimaiyyətinə müraciəti qəbul olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Konfransın sonuncu günü - aprelin 11-də beynəlxalq tədbir iştirakçıları Bakı şəhəri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
Beynəlxalq konfransda ümumilikdə 100-dən artıq tanınmış alim və mütəxəssis iştirak edir.