Heydər Əliyev prospektində təmir işləri davam etdirilir
Heydər Əliyev prospektində nəzərdə tutulan təmir işləri sürətlə davam etdirilir.
Prospektin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan 5,3 km hissəsində işlərin tez bir zamanda başa çatdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin çoxlu sayda işçi qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Təmirin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə Heydər Əliyev prospektinin görkəmini dəyişməkdir. Prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda ay ərzində həmin ərazidən 1 milyondan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alsaq, asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac var idi.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən APA TV-yə verilən məlumata görə, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər həyata keçirilir. Artıq Bağırov körpüsünə qədər olan hissədə asfalt-beton işləri yekunlaşıb. Axşam saatlarınadək Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Paralel olaraq asfalt-beton işləri qurtaran hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması, işıq dirəklərinin rənglənməsi və digər işlər davam etdirilir. Tezliklə görülən işlər nəticəsində prospekt tam yeni və müasir görkəmdə olacaq.