Bakıda 9 mərtəbəli binada başlayan yanğın belə söndürüldü – HADİSƏ YERİNDƏN

Dünən axşam saatlarında Bakının Xətai rayonu ərazisində güclü yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Zığ şosesi, 16 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında qeydə alınıb.
 
Yanğın binanın fasadından başlayıb və bir neçə dəqiqə ərzində geniş ərazini əhatə edib. Sakinlər vahimə içərisində evləri tərk etməyə başlayıblar.
 
Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı qarnizonunun texnikası və canlı qüvvəsi cəlb edilib, alovla bir neçə saatlıq mübarizə başlayıb.
 
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyevin APA TV-yə verdiyi açıqlamaya görə, yanğının söndürülməsinə Bakı qarnizonunun qüvvələri cəlb edilib: “Təxminən 1,5 saatdan sonra yanğın məhdudlaşdırılıb. Hazırda söküntü işləri gedir. Yanğın əsasən binanın fasadına çəkilmiş üzlüklərdə olub. Yanğının qısa müddətdə geniş əraziyə yayılmasına əsən külək səbəb olub".
 
Sakinlər yanğına binanın Zığ şosesinə baxan hissəsinə vurulmuş üzlüklərin səbəb olduğunu iddia edirlər. Hadisə yerinə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da gəlib. O, yanğının səbəbinin araşdırılacağını, eləcə də, sakinlərə kompensasiya verilməsi məsələsinin müzakirə olunacağını bildirib: "Binanın fasadı ilə bağlı deyə bilərəm ki, yanğın oradan başlamayıb. Yanğının haradan başladığı və səbəbi araşdırılır. Əsas odur ki, təxribat baş verməyib, ölən və yaralanan yoxdur. Binada 107 mənzil var, 408 ailə yaşayır. Mənzilləri yanan vətəndaşlara köməklik göstəriləcək".
 
Yanğın nəticəsində xəsarət alan olmasa da, bir neçə nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadalarına müraciət edib.

Müəllif | Apa.Tv
Apa.tv