İŞİD Bağdad yaxınlığındakı Rəmadi şəhərini ələ keçirib

İŞİD terror təşkilatı İraqın Rəmadi şəhərinin bir neçə rayonunu ələ keçirib. APA TV-nin məlumatına görə, şəhərə hücum ötən gün səhər saatlarından başlayıb. Terrorçuların ələ keçirdiyi ilk yer Rəmadinin şimalındalı Elbufərac bölgəsi olub. Döyüşlərdən sonra İraq ordusu geri çəkilib və İŞİD üzvləri bölgəni nəzarətə götürüblər. 
 
Rəmadiyə 6 müxtəlif istiqamətdən hücum bundan sonra da davam edib və İraq ordusu daha bir neçə bölgəni qoruya bilməyib. Uzun sürən döyüş nəticəsində İraq ordusunun azı 10 əsgəri həlak olub.
 
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya isə İŞİD-in Elbufəracdakı hədəflərinə zərbələr endirib. Məlumata görə, hava hücumu nəticəsində İŞİD-in 27 üzvü məhv edilib. 
 
Rəmadi şəhəri İraqın paytaxtı Bağdaddan 110 km qərbdə yerləşir.
 
Qeyd edək ki, İraq ordusu çərşənbə günü İŞİD-ə qarşı əməliyyatlara başlamışdı. Ölkənin qərbindəki Ənbar vilayətindən başlanan hücum nəticəsində Rəmadinin şərqindəki Sicariyə və Fəllahat bölgələri İraq ordusunun nəzarətinə keçmişdi. İŞİD-in ötən günkü əks-hücumu zamanı Ənbar vilayətində İraq ordusunun hissələrinə rəhbərlik edən general Qasım Əl-Məhəmmədinin də yaralandığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv