Son 20 ilin ən güclü "Tornado" qasırğası ABŞ-ı viran qoydu
ABŞ-da son 20 ilin ən böyük Tornadosu ölkənin mərkəzi və qərb ştatlarını viran qoyub. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, təbii fəlakət Ohayo, Ayova, Kanzas, Missuri və İllinoys ştatlarında daha ciddi dağıntılara səbəb olub. Bu ərazilər ABŞ-ın böyük şəhərlərindən biri olan Çikaqonun 100 kilometrliyindədir. Güclü qasırğa avtomobilləri, ağacları kökündən çıxararaq havaya qaldırıb, küləyin burulğanı evləri dağıdıb. Feyerdel şəhəri tamamilə dağılıb, orada demək olar ki, salamat bina qalmayıb. 67 yaşlı bir qadın evini vaxtında tərk edib özünü sığınacağa çatdıra bilmədiyi üçün həyatını itirib. Xilasedicilər dağıntıların altında insanların qaldığını istisna etmirlər. Onların arasında ölənlərin də ola biləcəyi ehtimal olunur. Hazırda dəymiş ziyanın miqdarı hesablanır. Sinoptiklər isə Tornado təhlükəsinin davam edəcəyini proqnozlaşdırırlar.