Müdafiə naziri Zakir Həsənov cəbhədəki hərbi hissələrə döyüş bayraqlarını təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub. APA TV-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.
 
Təntənəli mərasimdə çıxış edən birlik komandiri general-leytenant Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrə göstərilən etimada görə xüsusi minnətdarlığını bildirib.

General-polkovnik Zakir Həsənov şəxsi heyəti təbrik edərək, döyüş bayrağının hərbi hissənin şərəf və şöhrət rəmzi olduğunu deyib. "Elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib çıxarır. Bir daha bildiririk ki, qısa bir müddətdə öz torpaqlarımızı azad edəcəyik" deyə Zakir Həsənov bildirib .  
 
Mərasimin sonunda hərbi hissələr təntənəli marşla tribuna önündən keçiblər.

Müəllif | Apa.Tv
Apa.tv