Kuba və ABŞ liderləri 50 ildən sonra görüşdü - TARİXİ AN

Panamada keçirilən VII Amerika Sammitində tarixi an yaşanıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, tədbirin ən yaddaqalan məqamı ABŞ prezidenti Barak Obama ilə Kubanın Ali Dövlət Şurasının sədri Raul Kastronun əl sıxmaları olub.

 

Bu gün 50 ildən sonra iki ölkənin liderləri arasında danışıqlar baş tuta bilər. Kuba heyəti ilk dəfədir bu sammitdə iştirak edir. Vaşinqtonla Havana arasında münasibətlərin yumşalması prosesi 4 ay əvvəl başlayıb. Həmin vaxtdan hər iki ölkənin paytaxtında səfirliklərin açılması və ticari əlaqələrin bərpası müzakirə mövzusudur. Ağ Ev rəhbəri məsələyə münasibət bildirib: "Biz əlaqələrin yenidən başlamasına və inkişafına hörmətlə yanaşırıq. Tarix geridə qalıb. ABŞ Latın Amerikası ölkələri, xüsusilə Kuba ilə bağlı siyasətində yeni səhifə açır. Amerika kubalıların daha yaxşı yaşaması üçün öz köməyini əsirgəməyəcək".

 

Barak Obama region digər ölkələrinin liderləri ilə də görüşməyi planlaşdırıb. Bu arada Venesuela prezidenti Nikolas Maduro Panamaya səfərini Amerikanın müdaxiləsi zamanı Kubada həlak olanların abidəsini ziyarət etməklə başlayıb. 

Müəllif | Apa.Tv
Apa.tv