“Yaşıl bazar”ın yaxınlığında, keçmiş mədəniyyət evində yanğın baş verib

Bakının Nərimanov rayonunda, “Yaşıl bazar”ın yaxınlığında yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Xətai küçəsi, 5 ünvanında yerləşən, əvvəllər mədəniyyət evi kimi istifadə olunmuş binada qeydə alınıb. Yanğın zamanı 60 kvadrat metr dam örtüyü və 20 kvadrat metr yardımçı tikili yanar konstruksiyaları ilə birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xİdmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb və alov qısa zaman ərzində söndürülüb.  
 
Qonşuluqda yaşayan sakinlərin sözlərinə görə, həmin binada qaz, işıq olmayıb. Sakinlər binada söküntü işlərinin aparıldığını deyiblər. 
 
Həsən Kərimov adlı sakin yanğının səhlənkarlıq nəticəsində baş verdiyini ehtimal edir: “Ola bilsin ki, fəhlələr nə isə səhlənkarlıq edib. Burada elə yerdir ki, yanğın olsa, lovu söndürmək çətin olar. Tinlərin hamısı bağlıdır”. 
 
Yaxınlıqdakı evdə yaşayan Zadir Rzayev alovu vaxtında söndürdüklərinə görə, yanğınsöndürənlərə təşəkkür edib: “Yanan bina ilə qonşu evdə yaşayıram. Amma yüzdə yüz bilirəm ki, oranın nə qazı var, nə işığı. Alovu vaxtında söndürdüklərinə görə, yanğınsöndürənlərə təşəkkür edirəm. Alovun miqyası böyük ola bilərdi, çünki hər yer taxtadır”. 
 
Yanğının baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv