Suraxanıda evləri yaran 19 yaşlı oğru ələ keçdi

Suraxanı Rayon Polis İdarəsi və 33-cü polis bölməsi əməkdaşları oğurluqla məşğul olmaqda şübhəli bilinən Xaçmaz rayon sakini, 19 yaşlı Pərvin Məhərrəmovu yaxalayıblar. APA TV-nin məlumatına görə, saxlanılan şəxs qonşuluqda yaşayan ev sahibinin evdə olmadığından istifadə edərək mənzilə daxil olaraq oradan qızıl zinət əşyaları və noutbuk oğurlayıb.   

 
"Gördüm qonşu evdə yoxdur, həyətə girdim, lomla pəncərəni sındıraraq içəri keçdim. 800 manat pul və qızıl əşyalarını götürdüm. Sonra o biri tərəfə girdim, oradan da 100 manat pul və noutbook götürdüm".  
 
Pərvin Məhərrəmov oğurladığı qızılları  lombarda qoyaraq pul götürüb, noutbuku isə satıb: "Qızılları “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən lombardlardan birinə apardım. Qardaşımın şəxsiyyət vəsiqəsini verdim ki pul götürüm, vermədilər. Sonra öz vəsiqəmi verdim, qızılın müqabilində 700 manat pul verdilər”. 
 
Cinayət yolu ilə əldə etdiyi 150 manatı əyləncələrə xərcləyən Pərvin Məhərrəmov pulu qurtarandan sonra yenidən oğurluğa əl atıb: "Üçüncü dəfə başqa bir evə girdim, qapısı açıq idi. Oradan iki ədəd laqunda, iki ədəd direl, televizor götürdüm".   
 
Hazırda Suraxanı Rayon Polis İdarəsi Pərvin Məhərrəmovun digər oğurluqlarda iştirakının olub olmamasını aydınlaşdırır. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv