Qəbələnin Nic qəsəbəsində “Pasxa” bayramı qeyd edildi

Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər.

 

APATV-nin yerli bürosunun xəbərinə görə, Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udin dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək “Pasxa” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar.

 

Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmamasının, Nic kilsəsinin əsaslı şəkildə bərpasının ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.

 

Bayram tədbirində udin xalqının qədim ənənəsi canlandırılıb. Udin dilində ifa olunan mahnılar, müxtəlif yeməklər və şirniyyatlarla bəzədilən süfrələr hamıda xoş əhval-ruhiyyə yaradıb. Məlumat verilib ki, Sovet dövründə udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə verilib. Hazırda tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur.

 

Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Azərbaycanda isə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov