"Metropark"da kütləvi zəhərlənmə: 30-a yaxın şəxs dəm qazından zəhərləndi

Bakının böyük ticarət mərkəzində kütləvi zəhərlənmə olub.

 

APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonundakı "Metropark" ticarət mərkəzində qeydə alınıb.

 

Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

 

Hadisə yerinə təcili yardım çağırılıb. 15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə isə hadisə yerində yardım göstərilib. Bu barədə APA TV-yə Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

 

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov isə APA TV-yə bildirib ki, Mərkəzə 7 nəfər yerləşdirilib.

 

“Metropark” ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar hadisə yerinə 16 təcili tibbi yardım briqadası və insanları daşımaq üçün bir neçə kütləvi xüsusi təcili yardım maşını göndərilib. Bu barədə APA TV-yə Səhiyyə Nazirliyindən məlumat verilib. Hadisə yerində 30-a yaxın şəxsə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə xəstəxanalara yerləşdirilib.

 

Nazirlikdən onu da bildiriblər ki, artıq xəstəxanaya yerləşdirilmiş bütün şəxslər evə buraxılıblar.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv