Roma Papasının bəyanatına Ankaradan sərt etiraz: Vatikan səfiri Türkiyə XİN-ə çağırıldı

Roma Papası I Fransisk uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib.

 

APA TV-nin “Reuters”ə istinadın xəbərinə görə, bu barədə o, Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında bildirib.

 

Roma Papası nitqində nasizm və stalinizmin dəhşətlərindən də danışıb. Mərasimdə Ermənistan prezidenti Serj Sərkisyan və erməni dini liderləri də iştirak ediblər.

 

Roma Papasının bəyanatını Sərkisyan minnətdarlıqla, Türkiyə isə sərt etirazla qarşılayıb. I Fransiskin çıxışından sonra Vatikanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Papanın çıxışının rəsmi Ankara tərəfindən xəyal qırıqlığı və üzüntü ilə qarşılandığı çatdırılıb.

 

Həmçinin Ruanda və Bosniyadakı qətliamların beynəlxalq məhkəmələrdə "soyqırım" kimi təsdiqlənməsinə baxmayaraq, Papanın bu hadisələri “kütləvi ölümlər" kimi xatırladığı, heç bir beynəlxalq məhkəmə tərəfindən soyqırım kimi tanınmayan 1915-ci il hadisələrinə isə “soyqırım” deməsinin təəccüb doğurduğu bildirilib.

 

Eyni zamanda Papanın açıqlamasının Türkiyəyə son səfəri zamanı səsləndirdiyi sülh, anlaşma və dialoqla bağlı çağırışlarla uzlaşmadığı qeyd edilib.

 

Müəllif | Apa.Tv