Şəhid Həsən Həsənov doğum günündə məzarı başında anıldı

Kəlbəcər rayonunda girov düşərək ermənilər tərəfindən şəhid edilmiş Həsən Həsənovun doğum günü ilə bağlı tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, şəhid öncə 20 Yanvar dairəsindəki Şəhidlər Abidəsi önündə, daha sonra isə məzarı başında ailəsi, I Qarabağ müharibəsinin veteranları, dostları, jurnalistlər və ictimai xadimlər tərəfindən anılıb. Tədbirdə şəhidin valideynləri onun qəhrəmanlığından danışıblar.

 

Xatırladaq ki, ötən il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

 

Müəllif | Apa.Tv