Bakıda dəhşətli qəza: 4 nəfər öldü

Bakının Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin məlumatına görə, qəza Sabunçu-Zabrat yolunun Balaxanı qəsəbəsinə dönən hissəsində qeydə alınıb.

 

1990-cı təvəllüdlü Orucov Elçin İlqar oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə "105" saylı sərnişin avtobusu toqquşub. Nəticədə sürücü də daxil olmaqla  hələlik kimli müəyyən edilməyən 3 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya aparılarkən ölüb.

 

Qəza zamanı minik maşını deformasiyaya uğradığından, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik maşınında sıxışmış vəziyyətdə qalan meyitləri  çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Hadisə yerində olan yol polisi əməkdaşlarının APA TV-yə verdiyi məlumata görə, aparılan ilkin araşdırma zamanı məlum olub ki, qəzaya "VAZ-2107"nin sürücüsü səbəb olub. Belə ki, o, işıqforun qırmızı işığına məhəl qoymayaraq, avtobusun yoluna çıxıb.

 

Qəzadan sonra Sabunçu-Zabrat yolunun bu hissəsində böyük tıxac meydana  gəlib. Əraziyə əlavə polis qüvvələri cəlb olunduqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv