ABŞ və Kuba 50 il sonra barışdı: Obama və Kastro görüşdü

Panama paytaxtında tarix yazılıb. APA TV-nin məlumatına görə, düz 50 ildən sonra Amerika Birləşmiş Ştatları və Kuba prezidentləri arasında tarixi görüş baş tutub.

 

Görüşdə Barak Obama və Raul Kastro bir sıra məsələlərdən, o cümlədən hər iki ölkədə səfirliklərin açılmasının vacibliyindən danışıblar.

 

Obama mətbuat konfransında çıxışı zamanı bildirib ki, hər iki tərəf II Dünya müharibəsi dövründən qalma düşmənçiliyi aradan qaldıra bilər. Obama qeyd edib ki, münasibətləri  inkişaf etdirmək üçün bütün əngəllər aradan qaldırılacaq.

 

Kastro da öz növbəsində iki ölkə arasındakı münasibətləri dəyərləndirib. O bildirib ki, ölkələr öz aralarında hansısa məsələ ilə əlaqədar mübahisə edə bilərlər, lakin bu zaman tərəflər bir-birilərinin fikirlərinə hörmətlə yanaşmalıdırlar.

 

Tərəflər arasında görüş “Amerikalar Sammiti” çərçivəsində baş tutub. Kastro Amerikanı Kubaya qarşı tətbiq etdiyi sanksiyalara son qoymağa çağırıb.

 

Xatırladaq ki, rəsmi Vaşinqton və Havananın diplomatik əlaqələri 1961-ci ildən kəsilib.

 

Müəllif | Apa.Tv