Kürdəmirdə maşın hasara çırpıldı, sürücü öldü

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin  yerli bürosunun məlumatına görə, hadisə bu gün  şəhərin Aşıq Şakir küçəsi ilə İsmət Qayıbov küçəsinin kəsişməsində qeydə alınıb.

 

Kürdəmir rayon sakini, 55 yaşlı Rövşən Ağamməd oğlu Həmidov "VAZ-2107" markalı minik maşınını idarə edərkən qəflətən halı pisləşib. İdarəetmədən çıxan avtomobil yaşayış evinin hasarına çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Maşında olan sürücünün oğlu, 28 yaşlı Fərid Rövşən oğlu Həmidov və gəlini, 23 yaşlı Aytac Nəzər qızı Həmidova müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

 

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan Rövşən Həmidovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.              

 

Müəllif | Apa.Tv
Zahid Abışov