İranın təklifi rədd edildi! Yəmənə qarşı yeni əməliyyatlara start verilir

"Ərəb koalisiyası"nın Yəmənə hava zərbələri davam edir. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, növbəti hədəf Ədəndəki prezident iqamətgahı olub. Devrilmiş prezidentin sarayı hazırda şiə-husi birliklərinin nəzarətindədir. Paytaxt Səna da bombardmanlara məruz qalıb. Bu arada Səudiyyə Ərəbistanı İranın aviazərbələrin dərhal dayandırılması və üsyançılarla danışıqlara başlanılması haqqında tələbini geri çevirib. Əksinə Ər-Riyad yeni əməliyyatlara start veriləcəyini bildirib. Səudiyyə Ərəbistanın xarici işlər naziri, şahzadə Səud əl-Feyzal bəyan edib ki, İranın Yəmənə qarşı başlanan əməliyyatları dayandırılmasını tələb etməsi üçün heç bir hüququ yoxdur. "Orada artıq bir ilə yaxındır döyüşlər gedir. Salehin prezidentlik dövründə üsyançılar ən az 30 dəfə ölkə ordusuna qarşı silahlı hücuma keçiblər" deyə nazir əlavə edib. Səudiyyə Ərəbistanı hesab edir ki, şiə üsyançı qruplaşması məhz İran və Yəmənin keçmiş prezidenti Salehin dəstəyi ilə təşkil olunub. Bu arada Pakistanda yaşayan sünnilər küçələrə çıxıblar. Onlar ölkə parlamentdə deputatların ordunun "Ərəb koalisiyası" tərkibində Yəməndə üsyançılara qarşı vuruşmaq təklifinə "yox" deməsinə etiraz edirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv