Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 40 faiz azalıb

"Cari ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır".

 

APA TV-nin xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Xidmət tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində “Azərkimya” İstehsalat Birliyində əməyin mühafizəsi ilə bağlı keçirilən məlumatlandırma tədbirində bildirib.

 

Onun sözlərinə görə, eyni zamanda bu hadisələr nəticəsində xəsarət alanların sayı 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb. Xidmət rəisi əməyin mühafizəsi normalarının daha çox pozulduğu iqtisadi fəaliyyət sahələrini diqqətə çatdırıb.

 

“İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda, emal və mədənçıxarma sənayesində, energetika sahəsində və nəqliyyat sektorunda baş verdiyi müəyyən edilib. Son araşdırmalar isə göstərdi ki, daş karxanalarında qeydə alınan qanun pozuntuları və bədbəxt hadisələr bütün digər sahələrdən daha çoxdur. Həmin sahələrdə əməyin təhlükəsizliyinin təmin olunması sahəsində daha ciddi işlərin aparılmalı olduğunu deməyə əsas verir”.

 

Fuad Əlizadə qeyd edib ki, iş yerlərində əməyin mühafizəsinin mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkili əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsinə səbəb olan əsas amildir. 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi gününün qeyd olunduğu aprel ayında “Təhlükəsiz iş aylığı”nın keçirilməsində məqsəd də  əməyin təhlükəsizliyi problemlərinə işəgötürənlərin diqqətinin daha da artırılmasıdır.

 

Qeyd edək ki, tədbirdə qurumun mütəxəssisləri tərəfindən əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları barədə dolğun məlumatlar verilib, işəgötürənlərin və işçilərin əməyin mühafizəsi ilə bağlı sualları cavablandırılıb, onlara hüquqi-praktik izahatlar verilib.

 

Daha sonra “Azərkimya” İstehsalat Birliyində əməyin təhlükəsizliyi vəziyyəti nəzərdən keçirilib.

 

Müəllif | Apa.Tv