Bakıda informasiya erasında milli təhlükəsizliyin təmin olunmasına dair konfrans keçirilir

Bu gün ADA Universitetində ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi və Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə informasiya erasında milli təhlükəsizliyin təmin olunmasına dair konfrans işə başlayıb.


APA TV-nin məlumatına görə, iki gün davam edəcək konfrans Azərbaycanın 30-dan çox dövlət və özəl təşkilatlarının 90-a yaxın nümayəndəsi və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış ekspertləri bir araya gətirib.

 

Moderatorluğunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin etdiyi konfransda çıxış edən ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski bildirib ki, hazırda bütün ölkələr kiberhücumlara məruz qalır: "Bu da beynəlxalq əməkdaşlığı dərinləşdirməyi zərurətə çevirir. Azərbaycanda sürətli inkişaf və modernləşmə bu sahəyə diqqəti artırmağın vacibliyini ortaya qoyur. Bizim məqsədimiz Azərbaycan hökumətinin mövcud səylərini dəstəkləməkdir”. 

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, ölkəsi hər gün milyonlarla kiberhücuma məruz qalır: “ABŞ bununla üzləşən yeganə ölkə deyil. Bu sahədə əməkdaşlıq çox vacibdir. Ölkələrarası münasibətlərdə təhlükəsizlik məsələsi getdikcə daha da əhəmiyyət kəsb edəcək".

 

Xarici İşlәr Nazirliyinin Beynәlxalq Tәhlükәsizlik İdarәsinin rәisi Qaya Mәmmәdov qeyd edib ki, kibertәhlükәsizlik mәsәlәsi Azәrbaycanın xarici siyasәtindә önәmli yer tutur vә Azәrbaycan bu sahәdә qabaqcıl tәcrübәlәrdәn istifadә etmәk niyyәtindәdir.

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxışında vurğulayıb ki, dövlət və özəl sektorun bu sahədə əməkdaşlığı çox vacibdir: "Türkiyə çalışır ki, bu məsələləri milli səviyyədə həll etsin. Hər bir şəxs kibertəhlükəsizliyə təhdidlərdən daha çox xəbərdar olmalıdır".

 

Daha sonra tədbir panel çıxışları ilə davam etdirilib.

 

Xatırladaq ki, tədbir ATƏT-in layihə əlaqələndiricisinin Azərbaycanda kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə həyata keçirdiyi layihənin bir hissəsidir.

Müəllif | Apa.Tv
Apa.tv