Azərbaycanda Böyük Vətən müharibəsi iştirakçılarına 8 milyon manatdan çox vəsait ayrılıb

Azərbaycanda 19 minə yaxın Böyük Vətən müharibəsi iştirakçısına 8 milyon manatdan çox vəsait ayrılıb.

 

Dövlət Sosial Müdafiə Fondunun ( DSMF) sədri Elman Mehdiyev bu gün keçirdiyi brifinq zamanı bildirib ki, prezident İlham Əliyevin 3 aprel 2015-ci il sərəncamı ilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının, o cümlədən arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunmuş şəxslərin, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının birdəfəlik maddi yardımla təmin olunması ilə bağlı göstəriş verilib.

 

Onun sözlərinə görə, sərəncamın icrası ilə əlaqədar DSMF tərəfindən 18 881 nəfər birdəfəlik maddi yardımla təmin olunub və müvafiq vəsaitlərin həmin şəxslərin plastik kartlarına köçürülməsi prosesi artıq tam yekunlaşdırılıb: "Bunlardan 1 342 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Həmin şəxslərin hər birinə birdəfəlik 800 manat məbləğində maddi yardım göstərilib. 17 539 nəfər isə həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunmuş şəxslər kateqoriyasına aiddir. Onların da hər birinə 400 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb”.

 

Elman Mehdiyev deyib ki, DSMF tərəfindən ayrılan vəsaitin sözügedən kateqoriyadan olan şəxslərin plastik kartlarına köçürülməsi prosesi tam yekunlaşıb. Vətəndaşlar bu vəsaitləri bankomatlar vasitəsilə əldə edə bilərlər. Müəyyən hərəkət məhdudiyyəti olan insanlara POS-terminallar vasitəsilə evlərində xidmət göstərilməsi də hazırda fondun xüsusi nəzarəti altındadır.

 

Elman Mehdiyev MDB məkanında Böyük Vətən müharibəsi iştirakçılarına verilən müavinətin məbləği üzrə ən yüksək göstəriciyə də məhz Azərbaycanın malik olduğunu bildirib.

 

Müəllif | Apa.Tv