Səngəçalda ağır qəza: 30 yaşlı sürücü maşında sıxılaraq qaldı
Bakı-Qazax magistral yolunun 48-ci kilometrliyində, Qaradağ rayonunun Səngəçal qəsəbəsi yaxınlığında ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, 30 yaşlı İbadov Fərid Əliağa oğlu "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı metal səddə çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb, ayağı sıxılıb qalan sürücü maşını tərk edə bilməyib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Xilasedicilər yaralı sürücünü xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.
Avtomobildə olan iki qadın sərnişin də xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.