İstanbulda atışma: 2 nəfər öldü, 5 nəfər yaralandı
İstanbulda naməlum şəxslər arasında baş verən atışmada 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
APA TV-nin Türkiyə mənbələrinə istinadən verdiyi məlumata görə, hadisə yardım kampaniyası təşkil edən bir vəqfə gələn şəxslər arasında baş verib.
Şahidlərin ifadələrinə görə, həmin şəxslər havaya atəş açaraq vəqfin fəaliyyət göstərdiyi küçəyə daxil olublar. Daha sonra isə onlar vəqfin yerləşdiyi binanı atəşə tutmağa başlayıblar. Bu dəfə vəqf üzvləri onlara eyni cavabı veriblər. Yeddi nəfər bədənlərinin müxtəlif yerlərindən güllə yaraları alıb. Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Yaralılar xəstəxanalara aparılarkən onlardan ikisi keçinib. Silahlı insidentin baş verdiyi ərazidən çoxlu sayda giliz götürülüb.
Hazırda ərazidə çox sayda polisin olduğu bildirilir. Yaralıların yerləşdiyi xəstəxanalar da hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətindədir. İnsidentlə bağlı 24 nəfər polis məntəqələrinə aparılıb, araşdırmalar aparılır.