Şüvəlan sakini: "Şeytan yoldan çıxardı, gərək narkotik əkməzdim..."
Bakıda külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.
APA TV-nin Məlumatına görə, Xəzər RPİ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Habil Əsgərovun həyətindən hər birinin çəkisi 35 qram olan 22 ədəd çətənə kolu aşkar edilib.
Polis əməkdaşları onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 5 kiloqram 167 qram marixuana aşkar edərək götürüblər.
İstintaqa ifadə verən Habil Əsgərov tutduğu əməldən peşman olduğunu, narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirib: "Şeytan məni yoldan çıxartdı, əməlimdən peşmanam. Gərək əkməzdim..."
Faktla bağlı Habil Əsgərov barəsində Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.