BMT baş katibi “erməni soyqırımı” ifadəsini işlətməkdən imtina etdi
BMT “erməni soyqırımını” tanımağa tələsmir və tərəfləri tarixi faktları araşdırmağa çağırır. APA TV-nin “Vesti.az” saytına istinadən yaydığı məlumata görə, BMT-nin bu mövqeyini qurumun baş katibinin rəsmi nümayəndəsi Srefan Düjarrik açıqlayıb.
Onun sözlərinə görə, BMT baş katibi Pan Gi Mun Osmanlı imperiyasının erməniləri “təqib etməsini” “vəhşi cinayət” hesab edir, lakin bu hadisələrlə bağlı “soyqırımı” ifadəsini işlətməyə tələsmir. Baş katib həmçinin ölkələri 100 il əvvəl baş vermiş hadisələrlə bağlı faktları araşdırmaq üçün əməkdaşlığa çağırıb. Rəsmi nümayəndənin sözlərinə görə, BMT katibliyi Roma Papasının 1915-16-cı illərdə “ermənilərin təqib olunması və kütləvi qətlə yetirilməsi”ni əsrin ilk soyqırımı adlandırması fikrini nəzərə alır.
“Pan Gi Mun aprelin 24-də Ermənistan və digər ölkələrdə 1915-ci ildə baş vermiş faciəvi hadisələrin 100 illiyinin qeyd olunacağını yaxşı xatırlayır və baş verənlərə dair dəyərləndirmələrin həssas məsələ olduğunu anlayır” – deyə Düjarrik fikrini tamamlayıb.