Türkiyə səfiri: “Roma Papasısiyasi məqsədlərə alət edilir”
“Roma Papasının bu əsassız açıqlamasına nəzər salanda önəmli bir din xadiminin siyasi məqsədlərə alət edildiyini görürük”.
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Onun sözlərinə görə, Roma papası Anadolu türklərinin və müsəlmanların vaxtilə qarşılaşdıqları fəlakətləri inkar edib: “Amma bu əsassız açıqlamanın həqiqətləri dəyişmək gücü yoxdur. Həqiqətlər tarixə və beynəlxalq hüquqa əsaslanır. Vaxtilə Türkiyəyə səfər edərkən sülh mesajları verən din xadiminin sonradan əsassız və həqiqətə söykənməyən açıqlama verməsinin arxasında başqa məqsədlər dayanır”.
Səfir Azərbaycan Ordusunda Ermənistana qarşı Türkiyə hərbçilərinin döyüşməsi ilə bağlı Ermənistan tərəfinin iddialarına da münasibət bildirib. İsmayıl Alper Coşkun deyib ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı açıqlama verib və həqiqət həmin açıqlamada əks olunub: “İşğalı davam etdirən Ermənistanın diqqəti cəlb etmək ümidi ilə bu kimi açıqlamalarla çıxış etməsini taktiki addım hesab etmək lazımdır. Əsas məsələni unutmayaq. Ermənilər əsas məsələyə baxsınlar. Azərbaycanın 20 faiz torpaqlarını nəyə görə hələ də işğalda saxlayırlar? Əvvəlcə bu suala cavab versinlər".