DSMF 190 Mərkəzi Çağrı Sistemini yenidən istifadəyə verdi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir standartlar əsasında yenidən təşkil olunmuş 190 Mərkəzi Çağrı Sistemi istifadəyə verilib.
APA TV-nin xəbərinə görə, fəaliyyətinə 2008-ci ildən start verilən Çağrı Mərkəzinin ötən dövrdə zəruri infrastruktur və təchizat sisteminin, eləcə də xidmət göstəricilərinin müasir tələblərə uyğun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
DSMF sədri Elman Mehdiyev bildirib ki, son təkmilləşdirmə tədbirləri nəticəsində Fondun Çağrı Mərkəzinin fəaliyyəti Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğunlaşdırılıb və Çağrı Mərkəzi bu gündən etibarən xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərir: "Vətəndaş fonda müraciət etdikdə, dərhal digər dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyinin yamac bazası ilə avtomatik rejimdə bağlantı yaradaraq onun şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd əsasında bizim fərdi uçot sisteminə istinad olunub avtomatik pensiya təminatı aparılır və müvəkkil banka xüsusi bildiriş ünvanlanır".
Fondun Çağrı Mərkəzi vasitəsilə 2013-cü ildən Fondun tətbiq etdiyi avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.
Çağrı sistemində xüsusi qeyd olunan istiqamətlər üzrə müraciətlərin cavablandırılması həyata keçirilir. Bura pensiyaların avtomatlaşdırılmış təyinatı, məcburi dövlət sosial sığortası, əmək pensiyaları, fərdi uçot, elektron xidmətlər daxildir. Çağrı sistemi qeyri-iş günləri və saatlarında avtomatik rejimdə, digər vaxtlarda isə operatorlar tərəfindən cavablandırılan canlı rejimdə fəaliyyət göstərir.
Qeyd edək ki, çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür.