Zeynəb Xanlarova: “Roma Papasının yan-yörəsi bizə düşməndir”
“Azərbaycanda Avropa Oyunları ərəfəsində müəyyən daxili və xarici təşkilatlar ölkəyə qarşı qarayaxma, şər və böhtan kampaniyalarını sürətləndiriblər”. APA TV-nin məlumatına görə, bu fikirləri Milli Məclisdə çıxışında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu tip təşkilatlardan biri bu günlərdə korrupsiya ilə mübarizə adı altında Azərbaycanla bağlı şər-böhtan xarakterli hesabat hazırlayıb və yayıb: "Belə təşkilatlar Azərbaycana qarşı hər zaman qara kampaniyalar aparıblar və bu gün də davam etdirirlər. Bu cür təşkilatlar eyni dairələrdən maliyyələşirlər və ermənilərin mövqelərini ifadə edirlər. Ölkə daxilində də bəzi qüvvələr, hətta partiya rəhbərləri ölkədə keçiriləcək Avropa Oyunlarında iştirak etməmək barədə çağırışlar edir və həmin xarici qüvvələrə dəstək verirlər. Bunlar hamısı bir yerdən, erməni lobbi mərkəzlərindən maliyyələşirlər. Təklif edirəm ki, Milli Məclis bu məsələ ilə bağlı xüsusi müzakirələr aparsın”.
Spiker Oqtay Əsədovun təklifə reaksiyası belə olub: “Bunlara artıq qiymət verilib. Ermənilər idman oyunlarında iştirak edəcəklər, bu insanlar isə oyunlara qarşı çıxır. Pis çıxmasın, bunlar Azərbaycana qarşı ermənidən də pisdirlər. Bunun nəyini müzakirə edəsən? Ehtiyac varmı buna? Millət üçün hər şey artıq bəllidir”.
Bundan başqa, Milli Məclisdə Roma Papası I Fransisk qondarma “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırdığına görə tənqid olunub.
Deputat Zahid Oruc Roma Papasına məktub yazmaqdansa, 24 apreldə Azərbaycan gənclərinin Şəhidlər Xiyabanını ziyarət etməsi, bir din adamının katolik kilsəsinin qarşısına gül qoymasını təklif edib: “Katolik kilsəsinin rəhbərinin qərarı əslində ermənilərə böyük zərbədir“.
Deputat, xalq artisti Zeynəb Xanlarova da çıxış edərək bildirib ki, Papanın mövqeyi bəlli olduğu üçün onun haqqında danışmağa dəyməz: “Bu adamın yan-yörəsi bizə qarşı düşməndir. Papanın onlara qulaq asmaması lazımdır”.
Sədr Oqtay Əsədov Roma Papasının belə bir bəyanat verməsindən təəssüfləndiyini söyləyib: “Siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri siyasətə qarışmamalıdır. 100 il əvvəlki məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”.
Spiker xatırladıb ki, o vaxt Osmanlı imperiyasında 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüb və bunun da sənədi var.
Deputat Fazil Mustafa isə Məhəmməd Əmin Rəsulzadənin büstünün Bakı Metropoliteninin deposundan götürülməsini məmur özbaşınalığı adlandırıb.