Valeh Ələsgərov: “Azərbaycan neft sahəsində bütün riskləri nəzərə alıb”

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
 
APA TV-nin məlumatına görə, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qanun layihəsi haqqında məlumat verib.
 
Sazişin mahiyyətinə gəldikdə, Valeh Ələsgərov qeyd edib ki, Azərbaycan neft sahəsində bütün riskləri nəzərə alıb: “Bu baxımdan BP şirkəti böyük təcrübəyə və texnikaya malik olduğuna görə Xəzər dənizinin Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatı ona həvalə olunur. Bununla bağlı nəzərdə tutulan bütün maliyyə hesabları da həmin şirkətin öhdəliyinə buraxılır. Bütün proses Dövlət Neft Şirkətinin nəzarəti və Azərbaycanın milli maraqlarının qorunması şəraitində aparılacaq. Əgər bu saziş çərçivəsində gözlənilən nəticə əldə olunarsa, Azərbaycan tərəfi üzərinə düşən maliyyə və digər məsələlərdən doğan öhdəlikləri qarşılayacaq”.
 
Valeh Ələsgərov bildirib ki, bu saziş Azərbaycanın yeni neft strategiyasının uğurlu davam etdirilməsinin göstəricisidir.
 
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Müəllif | Apa.Tv
Apa.tv