Ukraynada 11 nəfərdən ibarət terrorçu qrup zərərsizləşdirildi

Ukraynanın Xarkov şəhərində aprelin 12-13-də keçirilən xüsusi əməliyyat zamanı 11 nəfərdən ibarət diversiya qrupu yaxalanıb.

 

APA TV-nin xəbərinə görə, açıqlama Ukrayna Təhlükəsizlik Xidmətindən verilib.
 

Ukrayna Təhlükəsizlik Xidmətinin müşaviri Markiyan Lubkivski bildirib ki, Odessada keçirilən əməliyyatdan sonra Xarkovda yerli prokurorluğun iştirakı ilə əməliyyat təşkil edib və 11 nəfərlik terrorçu qrup zərərsizləşdirilib: "Onlar şəhərdəki kommersiya banklarından birinin mərkəzi ofisini və Xarkov hərbi komissarlığının binasını atəşə tutmaqda, dəmir yolunda yanacaq çənini partlatmaqda, könüllülərin ofisində partlayış törətməkdə ittiham olunur. Törədilmiş terror və diversiya aktlarının üstünü açmaqla bərabər, Xarkov şəhəri və vilayətində hazırlanan yeni terror aktlarının da qarşısı alınıb".

 

Qeyd edək ki, saxlanılanlar Ukrayna vətəndaşlarıdır. Terrorçuların koordinatoru Xarkovdakı “Oplot” təşkilatının rəhbəri Yevgeni Jilin olub. Qrup üzvlərindən böyük silah-sursat arsenalı və diversiya törətmək üçün istifadə olunan vasitələr, o cümlədən “RPQ-7” qumbaraatanları, “MPO-A” reaktiv alovsaçan silah, “Kalaşnikov” avtomatları, “Draqunov” snayper tüfəngi, tapançalar, SPM taymer minaları, sistern və borularda partlayış və yanğın törətmək üçün diversiya minaları, qumbaralar, “plastid” partlayıcı maddəsi, külli miqdarda patron, istehkamçı ləvazimatları, soyuq silahlar aşkarlanıb. Bunların hamısı Ukraynaya qaçaqmal yolu ilə gətirilib.

 

Xarkovda xüsusi əməliyyat davam edir.

Müəllif | Apa.Tv
Apa.tv