Azərbaycanda idman obyektlərinə alkoqollu içkilər buraxılmayacaq
Bu gün Milli Məclisin Sosial siyasət komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclasda “Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, mövcud dəyişikliklər əsasən I Avropa Oyunları ilə bağlıdır: “Azərbaycanda keçiriləcək Avropa Oyunlarına hazırlıq və bu tədbirin keçirilməsi ölkə başçısı İlham Əliyevin xüsusi diqqəti sayəsində, Heydər Əliyev Fondunun prezidenti, Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın söylədiyi kimi, yüksək səviyyədə təşkil olunacaq. Bunun üçün mövcud qanunvericilik təftiş olundu, dünya təcrübəsi öyrənildi, bu tipli oyunların keçirilməsi ilə bağlı faktiki duruma baxış keçirildi və nəhayət, Azərbaycan prezidentinin imzası ilə Milli Məclisə müvafiq qanun layihəsi daxil oldu”.
Dəyişiklik haqqında millət vəkili Rauf Əliyev məlumat verib. Yeni maddəyə görə, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin mühafizəsi məqsədilə aşağıdakı şəxslərin və əşyaların buraxılmasına yol verilmir:
- idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və onu əvəz edən digər sənədi olmayan şəxslər;
- sifətini maska ilə gizlədən şəxslər;
- şəxsi baxışdan və üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər;
- bütün növ alkoqollu içkilər;
- narkotik vasitələr, psixotrop maddələr, onların analoqları, toksik təsir göstərən maddələr;
- soyuq, odlu, qaz və digər tipli silahlar, silahların ayrı-ayrı hissələri, partlayıcı maddələr və döyüş sursatları, habelə soyuq, odlu, qaz və digər silahlara, partlayıcı maddələrə və döyüş sursatlarına oxşar vasitələr; pirotexniki vasitələr;
- insanların həyatına və sağlamlığına təhlükə törədən, fiziki və hüquqi şəxslərə maddi ziyan vuran, kütləvi idman tədbirlərinin keçirilməsinə maneə yarada bilən xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış vasitələr".
Bundan başqa, məzmunu ictimai qaydanı, vətəndaşların hüquq və qanuni maraqlarını pozmağa yönəlmiş, eləcə də zorakılığın, irqi, milli və dini ayrı-seçkiliyin, müharibənin təbliği ilə bağlı bayraqlar, emblemlər, simvollar, plakatlar, transparantlar və başqa vasitələr də idman obyektlərində nümayiş oluna bilməz. Həmçinin kütləvi idman tədbirlərinin keçirilməsi qaydalarının pozulmasına yönəlmiş hərəkətlərə yol verən, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsinə maneçilik tərədən, digər şəxsləri bu cür hərəkətlərə təhrik edən şəxslər, qrup şəklində ifrat azarkeşlik edən şəxslərdə idman arenasından uzaqlaşdırılacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli kütləvi idman tədbirlərini həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə nəzərdə tutulan qadağalara diqqət çəkib: "Kütləvi idman tədbirlərinin keçirilməsi zamanı xidmət vəzifələrini yerinə yetirən şəxslərə, tədbir iştirakçılarına və tamaşaçılara hər hansı formada mane olmaq, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətin həyata keçirilməsinə imkan verməmək".
Əlavədə o da bildirilir ki, yeni maddənin yuxarıda qeyd olunan tələblərini pozan şəxslər biletlərin dəyəri ödənilmədən ərazilərdən kənarlaşdırılır, Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb edilirlər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.