Azərbaycan prezidenti Serbiyanın baş nazirini qəbul etdi

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Serbiya Respublikasının baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA TV-nin xəbərinə görə, dövlət başçısı Serbiyanın baş naziri ilə Münhendəki görüşünü və tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı apardıqları səmərəli müzakirələri məmnunluqla xatırladı. Prezident İlham Əliyev Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə edib.


Serbiyanın baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi sahədəki kimi, iqtisadi sahədə də genişləndirməkdə maraqlı olduğunu dedi.


Söhbət zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, sərmayə qoyuluşu, yükdaşımaları, mədəni, humanitar və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunularaq münaqişələrin beynəlxalq hüquq normalarına uyğun şəkildə və ərazi bütövlüyü çərçivəsində həll olunmasında ölkələrimizin mövqeyinin üst-üstə düşdüyü vurğulanıb.

Müəllif | Apa.Tv
Apa.tv