Prezident İlham Əliyev Tatarıstan prezidentini qəbul etdi
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Dövlət başçısı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət, sərmayə qoyuluşu, birgə layihələrin icrası və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Tatarıstan Prezidenti nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə artıq bir sıra səmərəli görüşlər keçirdiklərini söyləyib. Rüstəm Minnixanov Azərbaycanda yaşayan tatar icması ilə keçirdiyi görüş zamanı icma üzvlərinin ölkəmizdə bərqərar olmuş tolerant mühitin onların firavan yaşamaları üçün hər cür şəraitin yaratdığını bildirdiklərini deyib.
Görüşdə maşınqayırma, neft maşınqayırması, Gəncədə avtomobilyığma, neft-kimya, informasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.