Kamal Abdulla Zaqatalada dini icmaların üzvləri ilə görüşdü
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Zaqatala rayonunun Əliabad qəsəbəsində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, yerli ziyalılar və dini icmaların üzvləri ilə görüşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, XVII əsr memarlıq abidəsi olan Əliabad məscidinin həyətində baş tutan görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə əvvəlcə qonaqlara qəsəbənin yaranma tarixi və bu günü haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, 11 minə yaxın əhalinin məskunlaşdığı qəsəbədə 4 məktəb və 3 uşaq bağçası fəaliyyət göstərir. Son illər qəsəbədə iki məktəb yenidən inşa olunub, körpələr evi-uşaq bağçaları isə əsaslı təmir edilib. Eyni zamanda qəsəbə daxili yollar abadlaşdırılıb, əhalinin içməli suya olan tələbatını aradan qaldırmaq məqsədilə yeni subartezian quyular qazılıb. Bu yaxınlarda qəsəbə sakinləri mavi yanacaqla təmin olunub.
Qeyd edilib ki, zəngin etno-mədəni və dini müxtəlifliyin hökm sürdüyü Zaqatalada yaşayan xalqların sahib olduğu etnik-dini dəyərlər ciddi qorunur.
Dövlət müşaviri Kamal Abdulla bölgədə, eləcə də Zaqatalada fəaliyyət göstərən məscid, kilsə və sinaqoqları, tarixi alban məbədlərini ziyarət etdiyini, avar, gürcü, ingiloy, udi, yəhudi, rus xalqlarının nümayəndələri, eyni zamanda, müxtəlif dini icmaların üzvləri ilə görüşərək, dövlət başçısı tərəfindən yaradılan yeni xidmətin ölkənin bütün regionlarında həyata keçirəcəyi müxtəlif sahəli layihələr, görəcəyi işlər haqqında məlumat verib. Bildirilib ki, bir müddət əvvəl Əliabad qəsəbəsində keçirilən görüş zamanı sakinlər XVII əsr memarlıq abidəsi olan qəsəbə məscidinin 2012-ci ildə rayonda baş verən zəlzələlər zamanı qəzalı vəziyyətə düşməsi barədə ona müraciət ünvanlayıblar. Sakinlərin müraciəti müvafiq qurumlar tərəfindən dəyərləndirilib və onun əsaslı restavrasiyası qərara alınıb. Məscidin restavrasiyasına Dini Qurumlarla iş üzrə Dövlət komitəsi 20 min, Bakıda fəaliyyət göstərən Mir Mövsüm Ağa ziyarətgahının müdiri 30 min və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 10 min manat ayırıb.
Görüş iştirakçıları Azərbaycanda mövcud olan tolerantlığın, qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan dinlərarası və millətlərarası münasibətlərin dünyaya nümunə olduğunu dilə gətirib, etnik qruplar və dini icmalar üçün yaradılan bərabər imkanlara görə dövlətimizin başçısına səmimi minnətdarlıqlarını ifadə ediblər.
Dövlət müşaviri Kamal Abdulla məscidə hədiyyələr təqdim edib.