Kosmodrom işçilərindən Putinə qeyri-adi mesaj
Kosmodrom işçiləri Rusiya prezidenti Vladimir Putinə qeyri-adi mesaj göndərib. APA TV-nin məlumatına görə, bu haqda "Amur-info" xəbər yayıb.
Dörd aydır ki, maaşlarını ala bilməyən kosmodrom inşaatçıları tikilinin damında diqqəti maaş məsələsinə yönəltmək məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciətlə yazı yazıblar.
Müraciəti "Sakit okean körpü-tikinti" şirkətinin əməkdaşları ediblər. İşçilər ağ rənglə böyük hərflərlə kosmodromun bazasının damında "işləmək istəyirik" və "maaşsız 4 ay" yazıblar.
"Biz prezidentin diqqətini kosmodroma cəlb etmək istəyirik ki, burada nə baş verdiyini bilsin", - deyə şirkətin nümayəndəsi Anton Tyurişev bildirib.
Qeyd edək ki, daha əvvəl Şərqi kosmodromun inşaatçıları maaşlarını almadıqlarına görə aclıq aksiyasına başlamışdılar.