Azərbaycanda "KamAZ" istehsalına başlandı

Gəncə Avtomobil Zavodunda yığılan ilk “KamAZ” markalı avtomobil konveyerdən çıxıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə zavodda keçirilən tədbirdə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqin və zavodun əməkdaşları iştirak ediblər.

 

Qonaqlar əvvəlcə zavodda yeni yığılmağa başlayan “KamAZ” avtomobillərinin yığım xətti ilə tanış olublar. Tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov “KamAZ” markalı avtomobilin Azərbaycanda yığılmasını Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin günü-gündən inkişaf etməsi ilə əlaqələndirib. O, Gəncədə yığılan “KamAZ” markalı avtomobillərin ilk alıcısının Nəqliyyat Nazirliyi olacağını bildirib.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə Azərbaycan iqtisadiyyatının inkişafından danışaraq, son illər Gəncədə inşa edilən yeni istehsal müəssisələri barədə məlumat verib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə Rusiya ilə Azərbaycan arasında hər bir sahədə əlaqələrin günü-gündən inkişaf etdiyini diqqətə çatdırıb.

 

Tədbirin sonunda Tatarıstan prezidenti Rüstəm Minnixanov Gəncə Avtomobil Zavodunda konveyerdən çıxan ilk "KamAZ" avtomobilini işə salaraq sınaqdan keçirib. 

Müəllif | Apa.Tv
Azər Məmmədli