Falçını öldürən hüquqşünasın əsəb xəstəsi olduğu barədə arayış ortaya çıxıb


Bakıda falçını öldürən “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası  1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov psixoz xəstəsidir. Bu barədə APA TV-yə təqsirləndirilən şəxsin vəkili  Vamiq Şükürov bildirib. Onun sözlərinə görə, müdafiə etdiyi şəxs  bir neçə ildir psixoz və əsəb gərginliyindən əziyyət çəkir. Əllərində iddialarını təsdiqləyən rəsmi sənədlərinin olduğunu bildirən vəkil  gələn həftə psixiatrik ekspertizanın keçirilməsinə dair   Səbail  rayon prokurorluğuna  rəsmi müraciət edəcəyi deyib. 
 
Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi, 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb. Polisdən T. Talıbovun qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib.  Tələbəlik dövründən onun yanına gedən Vilayət Cahangirov  sonradan mərhum  Tahir Talıbovla əlaqələri kəsib. Təxminən 3 ildən sonra yenidən  onun yanına gələn Vilayət Cahangirov başındakı ağrılara falçının yazdığı duaların səbəb olduğunu bildirib.   
 
“Başım ağrıyırdı, düşündüm ki, onun yazdığı duaların təsirindən belədir”
 
Səbail rayon prokurorluğundan APA  TV-yə  bildiriblər ki, psixiatrik ekspertizanın keçirilməsini tələb etmək müdafiə tərəfinin hüququdur . Prokurorluqdan əlavə ediblər ki, təqsirləndirilən  Məhəbbət Cahangirov istər hadisə yerinin müayinəsi zamanı, istərsə də dindirilmə  vaxtı ı verilən suallara ardıcıllıqla cavab verib və onun anlaqsız olması barədə müstəntiq və ekspertlərdə hər hansı bir şübhə yaranmayıb.

Müəllif | Apa.Tv
Apa.tv