Roma Papası Ermənistanda qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq

Roma Papası I Fransisk Ermənistanda qondarma “soyqırım”ın 100 illiyinə həsr olunmuş tədbirlərə qatılmayacaq.


APA-nın “Armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Eçmiədzin kilsəsinin dinlərarası əlaqələr şöbəsinin rəhbəri yepiskop Ovakim Manukyan bildirib.    

 

Onun sözlərinə görə, Roma Papası Ermənistana 2016-cı ildə səfər etməyə qərar verib. “Roma Papası şübhəsiz ki Ermənistana səfər edəcək, lakin bu apreldə yox, 2016-cı ildə baş tutacaq. Onun 24 aprel tədbirlərinə dəvət olunması barədə məlumatlar həqiqətə uyğun deyil”, deyə yepiskop qeyd edib.   

 

Bu arada I Fransisk 1915-ci il hadisələri barədə fikirlərinə açıqlama gətirib. O bildirib ki, baş vermiş hadisələr öz adı ilə tələffüz olunmalıdır. Katoliklərin dini lideri Fransisk İsa peyğəmbərin 12 həvarisindən nümunə göstərərək öz düşüncələrini əsaslandırmağa çalışıb: “İsa peyğəmbər inancları səbəbindən pis rəftara məruz qalacaq 12 həvaridən Yuhanna və Petrusa “Gördükləriniz və eşitdikləriniz qarşısında səssiz qalmayın” - deyib”. 

Fransisk həmçinin kilsənin bu mesajının səmimiliyə və xristian cəsarətinə gedən yol olduğunu deyib. 


Xatırladaq ki, Roma Papası aprelin 12-də keçirilən ayində 1915-ci il hadisələrini şərh edərkən qondarma erməni “soyqırımının” XX əsrin ilk soyqırımı olduğunu iddia edib. Papanın bu çıxışına cavab olaraq Türkiyə Vatikandakı səfirini geri çağırıb.

Müəllif | Apa.Tv
Apa.tv