ABŞ-ın Azərbaycandakı yeni səfiri Gəncəyə gedib
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qərb bölgəsinə səfəri çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib. Gəncədə yeni vaqon istehsalı zavodunun tikildiyi, yaxın zamanlarda poladəritmə və metallurgiya sahəsinə aid daha 3 zavodun təməlinin qoyulacağı diqqətə çatdırılıb, şəhərin 2016-cı il üçün Avropanın gənclər paytaxtı elan olunduğu vurğulanıb.
Səfir Robert Sekuta Azərbaycana səfir təyin olunduqdan sonra bölgələrə ilk səfərini Gəncədən başladığını, dahi Azərbaycan şairi Nizami Gəncəvi və Məhsəti Gəncəvi haqqında ətraflı məlumat aldığını deyib: "Mən Azərbaycan tarixindən, Gəncənin Demokratik Respublikanın ilk paytaxtı olmasından, həmin respublikanın bizim ölkədən də öncə qadınlara seçki hüququnu verməsindən xəbərdar idim. Burada mənə şairə Məhsəti Gəncəvidən məlumat verildi. Hesab edirəm ki, o, müasir düşüncəli xanımları təcəssüm etdirən varisdir. Burada çox şey öyrəndim və ümid edirəm kİ, öyrəndiklərim davam edəcək".
Daha sonra səfir Azərbaycan Dövlət Aqrar Universitetində olub, tələbə-müəllim heyəti ilə görüşüb. Diplomat ABŞ-la Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi sahəsində əlindən gələni əsirgəməyəcəyini deyib.
Qonağa hədiyyələr təqdim edilib.
ABŞ səfiri qərb bölgəsində səfəri çərçivəsində bu gün səhər saatlarında Göygöl rayonunda olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl regional bazasında olub. Səfir Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan qəsəbədə sakinlərlə də görüşəcək.