Dövlət Sərhəd Xidmətinin rəisi Göytəpədə vətəndaşları qəbul edib
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Sərhəd Dəstəsində Cəlilabad, Biləsuvar, Neftçala və İmişli rayonlarının sakinlərini qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, vətəndaşlar əsasən işə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli ilə bağlı müraciətlər ediblər.
Elçin Quliyev şikayət və təkliflərin, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün tabeliyində olan müvafiq bölmələrə tapşırıqlarını verib. DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və nəzarətə götürülüb.