Salyanda bir ailənin üç üzvü güllələndi

Salyanda dəhşətli cinayət hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində qeydə alınıb.

 

Kənd sakini 21 yaşlı Rəşad Məmmədov üzərində gəzdirdiyi "TOZ-8" markalı tüfənglə həmkəndliləri Xədicə Didarovanı, onun 17 yaşlı qızı Baharı və 15 yaşlı oğlu Xanqulunu güllələyərək hadisə yerindən qaçıb.

 

Yaralılar dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. 

 
Həkim Hilal Məlikov APA TV-yə açıqlamasında bildirib ki, Xədicə Didarova döş qəfəsindən çoxlu sayda güllə yarası, Bahar Didarova bir güllə yarası, Xanqulu dirsəyindən bir güllə yarası ilə daxil olub: "Axşam saatlarında onların üzərində əməliyyat aparılıb. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir".

 

Zərərçəkənlərin yaxınlarının dediyinə görə, Rəşad Məmmədovla Bahar Didarova bir-birini seviblər. Bir-iki ay öncə oğlan qızı qaçırıb. Lakin ailə daxilində yaranan münaqişə nəticəsində qız ata evinə qayıdıb. Bundan qəzəblənən oğlan isə hər üçünü güllələyib.

  

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rəşad Məmmədov şübhəli şəxs qismində saxlanılıb və ondan "TOZ-8" markalı tüfəng maddi sübut kimi götürülüb. Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı