Daşkəsən sakini Xızıda güllələnərək qətlə yetirildi
Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qətl hadisəsi törədilib.
APA TV-nin məlumatına görə, Daşkəsən rayon sakini, 30 yaşlı Rasim Yasin oğlu Qurbanov güllələnərək öldürülüb.
Rasim Qurbanov H.Z.Tağıyev çeşidləmə stansiyasının ərazisində məskunlaşan qaynatasıgildə müvəqqəti yaşayırmış. Ailənin qoyunları itib və ailə üzvləri onları axtarmağa başlayıblar. Qoyunlar tapılsa da, Rasim Qurbanovdan xəbər çıxmayıb.
Bununla bağlı polis orqanlarına məlumat verilib və 30 yaşlı kişinin axtarışlarına başlanılıb. Nəhayət, uzun axtarışlardan sonra Rasim Qurbanovun meyiti Xızı rayonu ərazisindən tapılıb. Meyitin üzərində tapançadan açılmış bir neçə güllə yarası aşkarlanıb. Rasim Qurbanovun Sumqayıt ərazisində qətlə yetirildiyi, meyitinin isə Xızı rayonu ərazisinə atıldığı güman edilir.
Meyitin tapıldığı ərazidə Xızı rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsinin, eləcə də Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları araşdırma aparıblar. Qətllə bağlı bir neçə versiya olsa da, onların heç biri rəsmən təsdiqlənməyib. İlkin məlumata görə, Rasim Qurbanovu güllələməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Amma onun adı hələlik açıqlanmır.